Azərbaycanın bir sıra bölgəsində ölümlə nəticələnən qəzalar baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həmin qəzaları təqdim edirik:
İyulun 17-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Niyaməddin Məmmədovun və Bayram Bayramovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov və sərnişini, paytaxt sakini Kazım Abbasov xəstəxanaya yerləşdirilib. K.Abbasov iyulun 21-də orada dünyasını dəyişib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Ötən gün saat 17 radələrində Şamaxı şəhərində şəhər sakinləri Rəhim Ömərovun idarə etdiyi “Mercedes” və Qahir Alıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Q.Alıyev hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
İyulun 21-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakinləri Rüstəm Əsədovun idarə etdiyi “VAZ-2107” və Vasif Əliyevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə R.Əsədov və 3 sərnişini, habelə V.Əliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan R.Əsədov və Zahir Əliyev orada dünyasını dəyişib. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Ötən gün saat 20 radələrində Masallı rayonunun Musaküçə kəndində şəhər sakini Cəfər Adamzadənin idarə etdiyi “İJ 27175” markalı avtomobillə rayon sakini Xalid Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə X.Eyvazov və sərnişini Nizami Hilalov hadisə yerində ölüb, C.Adamzadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
İyulun 21-də saat 16 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Sənan Bağırov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlmirzə Zeynalovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.