Yeni elektron xidmət istifadəyə verildi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” adlı yeni elektron xidməti istifadəyə verib.
ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər “Azərsu” ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər.
Elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında “Elektron xidmətlər” bölməsindəki elektron xidmətlərin siyahısından "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi" xidməti seçilməlidir. İstifadəçi şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.
Müraciət edən abonent tərəfindən aşağıda qeyd edilən məlumatlar sistemə daxil edilməlidir.
- Əhali və ya qeyri-əhali seçimi
Əhali qrupu seçimi edildikdə aşağıdakı məlumatlar sistemə daxil edilir:
- Abonent kodu
- Şəxsiyyət vəsiqəsinin FİN kodu
- Evin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Evin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Abonentin telefon nömrəsi və elektron poçt ünvanı
Qeyri-əhali qrupu seçilərkən aşağıdakı məlumatlar sistemə daxil edilir:
- Obyektin abonent kodu
- Obyektin VÖEN-i
- Obyektin faktiki yerləşdiyi ünvanının xəritədə seçimi
- Obyektin faktiki yerləşdiyi ünvan
- Müraciət edilən abonentə aid mülkiyyəti təsdiq edən sənədin surəti
- Müraciət edilən obyektin və ya müraciət edənin elektron poçt ünvanı və telefon nömrələri.
Məlumatlar daxil edildikdən sonra müraciət qeydiyyata alınaraq icra olunması üçün “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinə yönləndirilir. Daxil olan müraciətə baxılır və məlumatlar düzgün olduqda müraciət icra üçün qəbul olunur. Müraciət icra olunduqda abonentin məlumatları dürüstləşdirilir. Yeni xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
Müraciət icra olunduqdan sonra abonentin qeyd etdiyi telefon nömrəsi məlumatlandırma xidmətinə qoşulur. Gələcəkdə ərazi üzrə şəbəkə infrastrukturunda baş verən qəzalar və profilaktik işlər, həmçinin Cəmiyyət tərəfindən təqdim edilən xidmətlərdəki yeniliklər barədə abonent SMS vasitəsilə məlumatlandırılacaq.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.
765