Müdafiə Sənayesi Nazirliyinin Şirvan rayonundakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində yaralanan şəxslərdən daha birinin öldüyü barədə xəbər yayılıb.
Lent.az-ın məlumatına görə, musavat.com saytı bu barədə xəbər yayıb. Faktı dəqiqləşdirmək üçün yanğında xəsarət almış 4 nəfərin yerləşdirildiyi Respublika Yanıq Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən Lent.az-a bildirdilər ki, buraya yerləşdirilmiş xəstələr arasında dünyasını dəyişən yoxdur. Yanğında xəsarət almış şəxslərin 4-ü də yaşayır, ancaq səhhətləri ağır olaraq qalır.
Xatırladaq ki, dünən Şirvandakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılıb.