Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-yə çatıb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.
Beləliklə partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.