Xəzər dənizinin Neftçala hissəsində tapılan naməlum kişi meyiti ekspertizadan keçirilmək üçün Bakıya gətirilir. Lent.az-ın Report-a istinadən xəbərinə görə, naməlum kişi meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan Rayonlararası Zona Mərkəzində müayinə olunub.
Şirvan şəhərindən dəvət olunan ekspert Əlimuxtar Həsənzadə bildirib ki, meyit tanınmaz halda olsa da, əlamətlərini müəyyən etmək mümkün olub: "Meyit orta yaşlı, dolu bədənlidir və təxminən 175 santimetr boyu var. Hesab olunur ki, ağ saçlıdır və başının tükünün tökülməsi müşahidə olunub".
Meyitə baxmaq üçün dəvət olunan neftçi Rəşid Hüseynov bildirib ki, ilkin rəylərə görə meyitin bir neçə əlaməti itkin düşən neftçilərdən ikisinin əlamətləri ilə eynidir.
***
10:43
Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 50-55 yaşlarında kişi meyiti ötən gecə Xəzər sahilində aşkarlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə gətirilən meyitin tanınmaz halda olduğu açıqlanıb.
Hazırda meyitin kimliyi araşdırılır.
Meyitin sahildə olan balıqçılar tərəfindən aşkarlandığı bildirilir.