Ötən il dekabrın 11-də Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə ittiham aktı hazırlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmənin başlama vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.
Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.
R. Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.