Xalq artisti məmur oğlunu bağışlamadı
02 sentyabr 2014 12:33 (UTC +04:00)

Xalq artisti məmur oğlunu bağışlamadı

“Xalid Mədətovun bağışlanmasından söhbət gedə bilməz. Onu heç vaxt bağışlamayacağam”. Lent.az-ın xəbərinə görə, bu sözləri azvision.az-a Xalq artisti Ağasəlim Abdullayev deyib.

 

Xalq artisti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovu bağışlamayacağını bildirib: “Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirkar Xalid Mədətovun məhkəmə prosesi keçirildi. O peşmanlıq keçirdiyini, kompensasiya ödəmək istədiyini dedi. Ancaq onun kompensasiyası mənim nəyimə lazımdır? Onun ödəməsi mənim ölənlərimi geri qaytara bilməz. Məhkəmədə hər şey sübuta yetirildi. Məndən heç soruşanda olmayıb ki, onu bağışlayırsan, ya yox. Əvvəla bunu bağışlamazlar axı. Onu mən necə bağışlaya bilərəm ki, mənim həyat yoldaşımı və nəvəmi öldürüb , o böyüklükdə mənə zərbə vurub”.

 

Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
 

 

Növbəti məhkəmə prosesi isə sentyabrın 4-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3538
avatar

Oxşar yazılar