Vidadi Zeynalovun məhkəməsi bu tarixdə keçiriləcək
Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Ali Məhkəmə verdiyi kassasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.
APA-nın məlumatına görə, şikayət hakim Əli Seyfəliyyəvin icraatına verilib. Məhkəmə prosesi avqustun 14-ə təyin edilib.
Xatırladaq ki, Vidadi Zeynalov özünün və ailə üzvlərinin əmlakına qoyulan həbsin götürülməsini istəyir.
Qeyd edək ki, V. Zeynalov bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsinin qərarı ilə, cəzasının çox hissəsi çəkildiyi üçün vaxtından əvvəl azadlığa buraxılıb.
Xatırladaq ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib.
Həmin şəxslərin əmlakının üzərinə həbs qoyulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə, B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Həmçinin qərara əsasən, V.Zeynalov və digər təqsirləndirilən şəxslərin bəzi əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Belə ki, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakının üzərindən həbs götürülüb və müsadirə dayandırılıb.
Daha sonra V.Zeynalovun ailə üzvləri və digər şəxslər kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin sabiq Aparat rəhbəri sonradan şikayətini geri götürüb.
629