Ümid partiyası 11 sentyabr terror hadisəsinin qurbanlarını yad edib. Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-da baş vermiş terror hadisəsinin 13-cü ildönümü ilə bağlı Ümid partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Ramin Hacılı, sədrin informasiya və mətbuat üzrə müavini Elman Abbasov və gənclər şöbəsinin müdiri Paşa Çıraqov bu gün ABŞ-ın ölkəmizdəki səfirliyinin önünə qərənfil qoyublar. Eyni zamanda, terror qurbanlarının anımı ilə bağlı partiya adından yazılmış məktubu səfirliyə təqdim ediblər.
Məktubda 11 sentyabr terror hadisəsi qeyri-humanist akt adlandırılıb: “Məlum olduğu kimi 2001-ci il, sentyabr 11-də Amerika Birləşmiş Ştatları terror hücumuna məruz qalıb. Bu hadisə insanlığa qarşı, bəşəri dəyərlərin müdafiəçisi olan bir xalqın əzmini qırmaq üçün qeyri-humanist akt idi. Lakin keçən 13 il sübut etdi ki, insanlıq qələbə yolunda əminliklə addımlayır və güclü Amerika xalqı dəyərlərinə sadiqdir. Biz, Azərbaycan Ümid partiyası olaraq sadiq olduğumuz humanizmi dəyərini əsas alaraq baş vermiş terror hadisənin qurbanlarını kədərlə anırıq və ümumbəşəri dəyərlərin müdafiəsində Amerika xalqı ilə birgə olduğumuzu bəyan edirik”.