Azərbaycan türkləri avqustun 7-də İranın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Bu barədəAPA-ya piket iştirakçılarından biri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib. Onun sözlərinə görə, aksiya Türkiyədə siyasi mühacir həyatı yaşayan Güney Azərbaycandan olan soydaşlarımız tərəfindən təşkil edilib və hazırda İranın müxtəlif həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbuslara dəstək xarakteri daşıyıb.
Piket səfirliyin binası qarşısında bəyanatın oxunması ilə sona çatıb. Aksiya dinc şəraitdə keçirilib və Türkiyə polisi piketə heç bir müdaxilə etməyib.
A.Qaradağlı bildirib ki, bəyanatda İran hökumətindən beynəlxalq standartlara və hüquqa uyğun olaraq ədalətli məhkəmə prosesinin keçirilməsinə şərait yaratması, Yeni GAMOH üzvlərinin aclıq aksiyasını dayandırmaları üçün tələblərinin yerinə yetirilməsi üçün qanuni tədbirlər görməsi, Güney Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətinə son qoyması, azərbaycanlı siyasi fəallara qarşı təzyiq və işgəncələrə, insan haqlarının pozulmasına son qoyması, türklərin mədəni və ictimai sahələrdə fəaliyyətinin qarşısının alınmasının dayandırılması, həmçinin türk ziyalılarının, siyasi-mədəni fəallarının və digər dissidentlərinın azadlığa buraxması tələb edilib.