Tovuza toy karvanı ilə gedən avtomobil aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 416-cı kilometrliyində, Tovuz rayonun Düz Qırıxlı kəndi ərazisində baş verib. Sürücü Vaqif Fətullayev toy karvanı ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarına aşırıb. Qəza zamanı, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Bunlar sürücünün həyat yoldaşı Gülşən Fətullayeva, övladları - 10 yaşlı Aysel və 7 yaşlı Yusif Fətullayev və qohumu 19 yaşlı Aytən Hüseynovadır. Xəsarət alanlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Aytən Hüseynova orada dünyasını dəyişib. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.