Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun 4-cü kilometrində qeydə alınıb.
Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Asim Rauf oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobil idarəetməni itirərək 64 metr dərinliyi olan dərəyə aşıb.
Qəza zamanı sürücü Asim Əliyev və sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Cəbrayılov Müşfiq Natiq oğlu dünyasını dəyişib.
Digər iki sərnişin, 1995-ci il təvəllüdlü Düz Cırdaxan kənd sakini Bünyad Vəfalı oğlu Əsgərov və onun həmkəndlisi və həmyaşıdı olan Qasımov Rüfət Məqsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər, vəziyyətləri kafi qiymətləndirilir.
Müşfiq Cəbrayılov, Rüfət Qasımov və Bünyad Əsgərovun Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olduqları bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.