Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları mayın 8-də Əfqan Piriyevə məxsus quşçuluq sexindən elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, rayonunun Borsunlu kəndi ərazisində Bərdə şəhər sakini Elgün Əmiraslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil şübhə doğurduğundan polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobilin yük yerinə baxış keçirilən zaman elektrik avadanlıqları aşkar edilib. Sürücü E.Əmiraslanov və sərnişinlər, Bərdə şəhər sakinləri Emin Qəhrəmanov, Rabil Süleymanov və Vüsal Abbasov bölməyə gətirilib.
Araşdırmalar zamanı mayın 8-də Borsunlu kəndinin ərazisində kənd sakini Tural Pirizadənin əmisi Əfqan Piriyevə məxsus quşçuluq sexindən qeyd edilən elektrik avadanlıqlarını oğurlaması və borclu olduğu 1700 manatın əvəzinə E.Əmiraslanova verməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.