Baş Prokurorluqdan APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 3-də saat 15 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı-Hövsan yolunun kənarında sellofana bükülmüş vəziyyətdə üzərində zorakılıqla yetirilməyə xarakterik çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə rayon Polis İdarəsinin növbətçi hissəsindən daxil olan məlumatla əlaqədar rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
Faktla bağlı həmin tarixdə Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla aşkar olunan meyitin 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Nelyubova Yelena Aleksandrovna olduğu müəyyənləşib.
Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Hövsan qəsəbə sakini, 1954-cü il təvəllüdlü Zöhrabov Məmməd Məmməd oğlu tərəfindən törədilməsi müəyyən olunub və o, yanvarın 5-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Müəyyən edilib ki, dekabrın 25-də gecə saatlarında M. Zöhrabovun Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəyib. Pulu olmadığı üçün qadını evə dəvət edərək yaxınlıqdakı mağazadan bir butulka araq alaraq birlikdə yeyib-içdikdən sonra onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman aralarında mübahisə yaranıb və qadın qışqırdığından mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirib. Qadının öldüyünü yəqin etdikdən sonra paltarlarını sobaya ataraq yandırıb, meyiti isə sellofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus “VAZ 2109” markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı - Hövsan yolunun kənarına atıb.
M.Zöhrabovun yaşadığı gözətçi otağına və oğluna məxsus avtomobilə baxış keçirilərkən döşəmənin və avtomobilin arxa oturacağının üzərində aşkar olunmuş qanabənzər ləkələr ekspert-kriminalistin iştirakı götürülərək qablaşdırılıb. Həmçinin M. Zöhrabovun cinayətdə istifadə etdiyi bıçaq yaşadığı evin yaxınlığında aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda cinayətin M. Zöhrabov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törətməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsustların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.