GÜNÜN ŞƏRHİ
Avropa Oyunlarının əsas sürprizi idman yarışlarına marağın təxmin olunduğundan qat-qat yüksək olmasıdır. Bu, paradoks deyil, Avropa Oyunlar ərəfəsində “biletlər satılmayacaq”, “kimdir bilet alan” deyən insanların indi yarışlara bilet tapılmamasından gileylənməsi də paradoks sayıla bilməz. Paradoks olan bəzən idman yarışlarına ölüm-qalım mübarizəsi kimi baxmağımızdır. Bürünc medal qazanmış Həsən Əliyevi erməni idmançıya uduzduğuna görə qınaq obyektinə çevirmək paradoksdur. Dünya və Avropa çempionatlarında dəfələrlə bayrağımızı qaldıran, hər kəsə himnimizi ayaqüstə dinlədən idmançının bu xidmətlərinin üzərindən bir məğlubiyyətə görə xətt çəkmək olmaz. Gürcü və ukraynalı idmançılar rus idmançılara məğlub olur, türk idmançı yunan idmançıya qalib gəlir, amma bu ölkələrin azarkeşləri məğlubiyyəti faciəyə çevirmir, məğlub olan idmançını isə qınamır. Çünki idman dostluq yarışıdır. Gəlin, bu cür yanaşmamızla ev sahibliyi etdiyimiz ilk Avropa Oyunlarının üzərinə kölgə salmayaq. Və bu Oyunlar xatirələrimizdə məğlubiyyətlərlə deyil, qələbələrlə qalsın. Qələbələri bizə bəxş edən idmançılarımıza təşəkkür edir, mübarizəyə yeni qoşulan atletlərimizə isə uğurlar diləyirik.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Iyun
0
0
0
0