Sevinc Babayevanın oğlu Ayxan Məmmədov anasının ölümündə keçmiş deputat Gülər Əhmədovanı ittiham edib.
Lent.az-ın məlumatına görə, “azpolitika.info” saytı A. Məmmədovun onlara məktub göndərdiyini qeyd edib.
Məktubda bildirilib ki, Ayxan Eldar oğlu Məmmədov anası Babayeva Sevinc Telman qızının ölumündə Gülər Əhmədovanı ittiham edir.
“Hələ yay ayları idi. Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çorək yeyiblər. Sonra da bildirdi ki, Elşadla o vaxtkı söhbətin videosu yayılacaq. Anama dedim ki, sən heç nədən narahat olma, sənlik heç nə yoxdu, pulu kim yeyib, qoy o da narahat olsun. Anamla Gülər neçə il idi danışmırdılar. O söhbətə görə Gülərlə düşmən olmuşdu. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, “Domsovet”ə - Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq. Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı”.
A. Məmmədov iddia edib ki, anasını Türkiyədə G. Əhmədovanın tanıdığı Səlcuk adlı şəxs qarşılayıb. Özünün də G. Əhmədovaya bir neçə dəfə anasının geri gətizdirilməsi üçün zəng etdiyini qeyd edən A. Məmmədov bu il noyabrın 10-da xalasıyla birlikdə anasının yanına getdiyini, onları da hava limanında G. Əhmədovaya yaxın adamların qarşıladığını deyib.
A.Məmmədovun yazdığına görə, anasının 3 vərəqlik əlyazmaları Türkiyə polisindədir.
A. Məmmədovun sözlərinə görə, Bakıda anasının vəziyyəti pisləşəndən sonra onu bir neçə xəstəxanaya aparıb, həkimlər onun xəstəliyinin diaqnozunu müəyyənləşdirə bilməyiblər.
A.Məmmədov xeyli əvvəl prokurorluğa gedərək, anasını Gülər Əhmədovanın qaçırdığını bildirdiyini də söyləyib. A. Məmmədov Türkiyə prokurorluğuna ifadə verdiyini də söyləyib və Məhkəmə Tibbi Ekspertizasının rəyinin bir ay-ay yarım müddətinə hazır olacağını söyləyib.
S. Babayevanın oğlu qeyd edib ki, dekabrın 26-da Türkiyəyə getmək istəsə də, sərhəd-keçid məntəqəsindən onun ölkədən çıxması üçün prokurorluğun icazəsinə ehtiyac olduğunu bildiriblər.
O, bunun səbəbini soruşmaq üçün prokurorluğa gələndə isə yolda Türkiyədən anasının dünyasını dəyişməsi barədə xəbər alıb.
Sayt Gülər Əhmədovanın münasibətini öyrənmək cəhdinin nəticəsiz qaldğını yazıb.