“Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur”.
Bunu Azadlıq Radiosuna açıqlamasında fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı video qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib.
A. Məmmədov bildirib ki, anası İstanbulda olanda Gülər Əhmədovaya dəfələrlə zəng vurub: “Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.
“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər Əhmədova çıxardıb. Fakt budur ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”-deyə A. Məmmədov bildirib.
A. Məmmədov deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.
Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.
Qeyd edək ki, A. Məmmədov dünən azpolitika.info saytına göndərdiyi məktubunda anasının ölümündə sabiq deputat G. Əhmədovanı ittiham edib. G. Əhmədova isə A. Məmmədovun ittihamları ilə razılaşmadığını, onu Elşad Abdullayevin qorxutduğunu qeyd edib.