Suraxanıda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Bakı sakini olan qadın Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edib. O, müraciətində oktyabrın 11-də saat 01 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub “Dədə Qorqud” qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğun törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Suraxanı RPİ-də araşdırma aparılır.