Bu gün Serbiyanın Azərbaycandakı səfirliyi Bakıda “Partizan” futbol klubuna qarşı baş vermiş azarkeş münasibəti ilə bağlı məlumat yayıb.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 27-də axşam radələrində “Neftçi” PFK-nın Bakıda yerləşən stadionunda “Partizan” PFK-nın məşqləri zamanı baş vermiş xoşagəlməz insidentə görə təəccüblənib.
Səfirliyin məlumatında qeyd olunub ki, “Neftçi” PFK-nın azarkeşləri təhqiredici mahnılar oxumaqla yanaşı, futbol meydançasına şüşə butulka, daş və digər predmetlər atıblar: "Məşqlər bitdikdən sonra hotelə qayıdan zaman futbolçuları aparan avtobus daş zərbələrinə məruz qalıb və zədələnib".
Səfirlik “Partizan” PFK-nın oyunçuları və azarkeşlərinin Bakıdan çıxana qədər təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini gözlədiyini də qeyd edib: "Biz ümid edirik ki, insident qəsdən təşkil olunmayıb, lakin bildirmək istərdik ki, daha bir cəhd Serbiya və Azərbaycan arasındakı xoş münasibətləri poza bilər, bu səbəbdən qaydaları pozanların tapılmasını və müvafiq yolla nəzarət altına alınmasını gözləyirik".
Qeyd edək ki, “Neftçi” - “Partizan” oyunu bu gün saat 21:00-da başlayacaq.