Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat qrupu Lənkəran şəhərində keçmiş Sovet Ordusuna məxsus hərbi hissələrin ərazisində minatəmizləmə əməliyyatlarını davam etdirir. APA-nın cənub bürosunun məlumatına görə, hazırda səylər şəhərin mərkəzində yerləşən keçmiş hərbi hissənin, eləcə də Xəzər dənizinin sahilində əvvəllər mövcud olmuş tank taborunun ərazilərinə yönəldilib. Bu günədək şəhərin daxilində yerləşən hərbi hissədə 6 ədəd partlamamış müxtəlif növ minaatan və top mərmiləri, 500 ədəd müxtəlif çaplı patron tapılaraq zərərsizləşdirilib.
ANAMA-nın cənub bölgəsi üzrə əməliyyat meneceri Böyükağa Haqverdiyevin sözlərinə görə, hazırda bu hərbi hissə təmizlənmə işlərinin həyata keçirildiyi sayca 4-cü ərazidir. Ümumilikdə isə ANAMA əməkdaşları tərəfindən cənub bölgəsinin ayrı-ayrı ərazilərində 150-dən çox mina və təxminən 6500-dək müxtəlif çaplı silah-sursat aşkarlanaraq partladılma yolu ilə zərərsizləşdirilib.
ANAMA əməkdaşının sözlərinə görə, dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalara rast gəlmək mümkündür. Bununla əlaqədar olaraq, həmin sahilyanı ərazilər təhlükəsizlik üçün çəpərlənib. Hərbi hissənin ərazisində işlər yekunlaşdırıldıqdan sonra dəniz sahili ərazidə təmizlənmə işləri yenidən davam etdiriləcək.
Qeyd edək ki, ANAMA tərəfindən ölkənin cənub zonasında ayrı-ayrı ərazilərin minalardan əsaslı təmizlənməsi tədbirlərinin 2016-cı ildə həyata keçirilməsi nəzərdə tutulub.