Abşeron Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Ümumiyyətlə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır.
Bu barədə
Lent.az-a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib.
Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilib.
Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb.
Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır.
Vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Daha biz təsəvvür edə bilməzdik ki, özünü jurnalist adlandıran şəxs də məhkəmə icraçıları ilə Rayon İcra Hakimiyyətini qarışıq sala bilər. Bir jurnalist özünün “facebook” səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilməli və qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi.
Təəssüf ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb.
15:33
Abşeron rayon Saray qəsəbəsində yaşayan, aprelin 13-də toyu olacaq ailənin evini uçurub, yerlə-yeksan ediblər.
Lent.az xəbər verir ki, bu məlumatı jurnalist İlkin Pirəli özünün Facebook səhifəsində paylaşıb.
Xəbərdə hadisə ilə bağlı Abşeronun Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova günahlandırılır: “Ailə 1999-cu ildən həmin evdə yaşayır. Belə vəhşilik olar? Gəlinin cehizi yeni gətirilibmiş. Cehizlərdən qırılanlar olub.
Deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır".
Bildirilir ki, ailənin çadır istəyi də qarşılanmayıb, hazırda çöldə qalıblar.