Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 105-ci kilometrliyində, Şamaxı rayonu ərazisində “VAZ” və “VOLKSWAGEN” markalı 2 minik avtomobili toqquşub. Lent.az-ın xəbərinə görə, bu barədə FHN-in rəsmi saytında məlumat yerləşdirilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VOLKSWAGEN” markalı avtomobilin sürücü və sərnişini xəsarət alıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.