Sabirabadda mobil stansiya qülləsi yırtıcı quşların işğalına məruz qalıb
Sabirabadın Osmanlı kəndində mobil operatora məxsus ötürücü qülləyə yırtıcı quşlar qonub. Yerli kənd sakinləri çəkiliş qrupumuza zəng edərək bildiriblər ki, kəndə iri yırtıcı kərkəs quşları təşrif buyurub. Onlardan dördü açıq sahəyə enib, bir müddətdən sonra uçaraq başqa əraziyə qonublar. Hündürlüyü çox sevən kərkəslərdən ikisi ötürücü qülləyə qonaraq hündürlükdən yeri seyr ediblər.
Sakinlər qüülləyə əvvəlcə 3 kərkəsin qonduğunu, sonra onlardan birinin uçub getdiyini bildirir. Onların sözlərinə görə, belə hadisə kənddə ilk dəfədir baş verir.
Bəlkə də onlar həqiqətən ov axtarışındadır. Kənd sakinlərinin bildirdiyinə görə, quşlar qüllənin ən hündür nöqtəsində oturub heç kimə məhəl qoymadan 7-8 saatdır heç yerə uçmurlar. Kənd sakinlərinin səs-küyünə də məhəl qoymayan quşların oradan uçmaq fikri yoxdur. Çətin ki onlar bütün kəndi seyr etmək üçün qüllədən daha rahat yer tapsınlar.
Kərkəslər çox vaxt iylənmiş heyvan cəsədləri ilə qidalanırlar. Uzun iri gövdələri 1 metrdən də çox olur, qanadlarının açılan zaman isə ölçüləri 2,5 metrə çatır. Kərkəslər 3-3,5 min metr hündürlükdə uçaraq qoyun sürülərinə və dırnaqlı çöl heyvanlarına həmlələr etməklə ov edirlər. Adətən Böyük Qafqaz dağlarının qayalıqlarında yuva salan “ağbaş kərkəslərin” Arana gəlişi kənd sakinlərini xeyli təəccübləndirib. Yəqin elə bu səbəbdəndir ki, kənd əhalisi işini-gücünü atıb saatlarla quşları seyr ediblər.
1988