Dövlət Gömrük Komitəsi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya tutuquşu keçirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünən bəzi kütləvi informasiya vasitələri rusiyalı həmkarlarına istinadən Azərbaycan ərazisindən Rusiyaya 380 ədəd tutuquşu keçirilməsi və quşların Rusiya gömrük xidmətinin “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində aşkar olunması barədə həqiqətə uyğun olmayan məlumat yayıb.
Dövlət Komitəsi bildirir ki, sözügedən 380 ədəd yox, 450 baş tutuquşu məlumatda deyildiyi kimi Rusiya ərazisində deyil, Azərbaycan gömrükçüləri tərəfindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşı Vəliyev Mübariz Əsgər oğlunda aşkar olunub.
"Həmçinin onu da diqqətə çatdıraq ki, Azərbaycan vətəndaşı Mübariz Vəliyev həmin quşları Rusiyadan Azərbaycana gətirmək istəyərkən “Samur” gömrük postunda saxlanılıb".
Faktla bağlı araşdırma aparılır.