Ümumrusiya Azərbaycanlıları Konqresində (ÜAK) yaradılmış “qaynar xətt”ə 120-yə yaxın müraciət daxil olub
“Son iki gündə Rusiyadan 30-a qədər soydaşımız deportasiya edilib”.
Bunu Lent.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev söyləyib.
İlqar Hacıyev bildirib ki, iki gün ərzində ÜAK-da yaradılmış “qaynar xətt”ə 120-yə yaxın müraciət daxil olub. Dünən Moskva da daxil olmaqla, Rusiyanın müxtəlif regionlarından daxil olan 100-ə yaxın müraciət əsasən həm vətəndaşlarımızın narahatlığı, həm də Rusiyada yaşayan soydaşlarımızın incidilməsi ilə bağlı olub. Bu gün müraciət edənlərin əksəriyyəti isə Rusiyada qalmaq müddətini pozduqları, yaxud işlə bağlı qanunvericiliyin tələblərinə əməl etmədikləri üçün deportasiya edilmələrinə qərar verilmiş soydaşlarımızdır. Bu gün “qaynar xətt”ə narahatlıqlarını bildirmək üçün müraciət edənlər, o cümlədən sərhəddə Azərbaycandan Rusiyaya buraxılmayanlar da var. İlqar Hacıyev deyib ki, bununla bağlı AZAL-ın Rusiyadakı təmsilçisi ilə əlaqə saxlayıb, deportasiya edilən soydaşlarımıza kömək edilməsini, onların gecikdirilməməsini xahiş edib.
İlqar Hacıyev hazırda vəziyyətin stabil olduğunu, sakitlik hökm sürdüyünü qeyd edib: “Hər hansı qarşıdurmadan ehtiyat edildiyi üçün Moskvada küçələrdə, meydanlarda polislərin sayı çoxalıb. Hazırda hər hansı narahatlıq doğuran məqam yoxdur”.
Prezident İlham Əliyevin bu gün and içərək növbəti dönəmdə vəzifəsinin icrasına başladığını xatırladan ÜAK-ın icraçı direktoru son illər Azərbaycanda çoxlu sayda iş yerlərinin açıldığını, insanların həyat şəraitinin yaxşılaşdığını vurğulayıb: “Vətənimizdə inkişaf var, Azərbaycandan Rusiyaya gələnlər də azalıb. Arzu edirik ki, iqtisadiyyatımız daha sürətlə inkişaf etsin, iş yerlərinin sayı daha da artsın. Beləliklə də soydaşlarımızın müvəqqəti olaraq pul qazanmaq üçün Rusiyaya gəlmələrinə heç bir ehtiyac qalmasın, bu məqsədlə Rusiyaya gəlməsinlər və bu cür münasibəti də qəbul etməsinlər”.
Qeyd edək ki, dünən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda “qaynar xətt” fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı “qaynar xətt” vasitəsilə (24 saat ərzində) Ümumrusiya Azərbaycan Konqresindəki qərargaha zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər.