Rusiyada azərbaycanlı iş adamına qarşı quldurluq edən dəstə üzvlərinin adları məlum olub.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumatda bildirilib ki, dekabrın 9-da Azərbaycanın Ağcabədi rayonunun Avşar kənd sakinləri - 1968-ci il təvəllüdlü A.K.Həsənəliyev, 1992-ci il təvəllüdlü N.R.Kazımov, Lənkəran rayon sakini 1966-ci il təvəllüdlü K.N.Əliyev, 1986-cı il təvəllüdlü Ordubad rayonu sakini A.İ.Nağıyev və 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı M.N.Əhmədov Moskvanın Qərbi Biryulevo rayonunda Azərbaycan vətəndaşı olan, adı hələlik açıqlanmayan iş adamına qarşı quldurluq ediblər. Onlar iş adamına hədə-qorxu gələrək ona məxsus 300 min rublu ələ keçiriblər.
Rusiya hüquq-mühafizə orqanları əməkdaşnın dekabrın 21-də keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən şəxslər yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (quldurluq - iki və ya daha çox şəxs tərəfindən qrup halında törədildikdə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
Rusiyada quldur basqının təşkilində şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb.
APA-nın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ilin dekabr ayının əvvəlində həmin şəxslər Azərbaycan vətəndaşı olan iş adamına qarşı quldurluq ediblər.
Nəticədə onlar zərərçəkənə məxsus 300 min rublu ələ keçiriblər.
Faktla bağlı “Quldurluq” maddəsi ilə cinayət işi açılıb.
Saxlanılan Azərbaycan vətəndaşlarının orta yaş həddi 22-48-dir. Onların Moskva regionunda digər cinayətlərin törədilməsində iştirakının olub-olmadığı araşdırılır.