Məsələ ilə bağlı müğənni Röyadan münasibət öyrənmək istədik. Röyanın özü münasibət bildirməsə də, prodüseri Kənan Bayramov Lent.az-a bunları söylədi. “Röyanın dünyasını dəyişən fanatına Allah rəhmət eləsin. Xəbəri yeni eşitmişik. Elə bu gün Röya da tapşırıq verdi ki, günorta gedim qəbir üstünə. Baxım görüm orada vəziyyət nə yerdədir. Oranı görməmiş bir fikir söyləyə bilmirik”, - deyə prodüser əlavə etdi.
*****
11.35
Röyanın fanatının meyitini dəfn olunduğu yerdən çıxarıb
Kimsəsiz olan və bir müddət öncə vərəm xəstəliyindən vəfat edən Nuriyev Xəyal Vahid oğlunun meyiti dəfn olduğu yerdən çıxarılıb. Bu barədə “Qafqazinfo”ya Xəyalın yaxın dostu Şəbnəm Əhmədova məlumat verib. O bildirib ki, ötən gün Xəyalın ölümünün 2 ili tamam olub və buna görə də onun məzarını ziyarətə gediblər. Onlar gördükləri mənzərədən dəhşətə gəliblər: “Biz dostlarımızla birlikdə həmişə Xəyalın qəbrini ziyarətə gedirdik. Onun məzarının harda olduğunu yaxşı bilirik. Amma dünən getdik gördük ki, meyiti dəfn elədiyimiz yerdən çıxardıblar və həmin yerdə başqa bir şəxsi dəfn ediblər. Xəyalın məzarını isə lap aşağı - zibilxananın yanına aparıblar. Bu barədə heç kimə əvvəlcədən məlumat verilməyib. Biz orda çalışan insanlardan soruşduq ki, nəyə görə belə etmisiz? Amma bizim sualımızı cavablandıran biri tapılmadı”. Bu hadisə Qurd Qapısı yaxınlığındakı məzarlıqda baş verib.
Qeyd edək ki, Xəyalın dəfni üçün həmin qəbiristanlıqdakı yer millət vəkili Qənirə Paşayevanın köməyi ilə alınıb. Xəyal müğənni Röyanın ən qatı fanatlarından biri olub. Xəstəxanada olarkən Röya onun ziyarətinə gəlib.