Qeyd edək ki, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində Edik Rüstəmov valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.
Polis Edik Rüstəmovu saxlayıb və pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları onu şəhər kənarındakı meşə zolağına aparıblar. Bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov polisə hücum edib. Odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən xüsusi əməliyyat tədbiri zamanı həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv ediliblər.
Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış siğınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb.
Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.