Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yerləşən Əlibəyli kəndində uşaqlar üçün kitab bayramı təşkil edib. Lent.az-ın məlumatına görə, bir sıra kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub və kitabla bağlı uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib.
Tədbirdə TUSİAB-ın sədri Yavuz Keleş, təşkilatın nümayəndələri, Tekfen şirkətinin nümayəndələri də iştirak edib və uşaqları təbrik edərək onlara öz arzularını bildirib, uğurlar diləyiblər. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, bu kəndlərdən çoxlu şəhid qəhrəman oğullarımız var və gənclərimizə onların Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütaliəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Uşaqların hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onlara, özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallarra, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”. Millət vəkili Qənirə Paşayeva gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir deyib və gəncləri bu zərərli vərdişlərdən tamam uzaq durmağa çağırıb və bu barədə geniş söhbət ediblər.
Görüşün sonunda Q.Paşayeva müəllimlərə də müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyə edib.