Qaxda 35 yaşlı kişi 53 yaşlı dayısını bıçaqlayıb.
Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 3-ü axşam saat 20 radələrində rayonun Şıxlar kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov bədənin çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası xəsarətləri ilə xəstəxanaya daxil olub.
Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən 53 yaşlı Əfqan Xəlilovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qax rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib. Əfqan Xəlilovla bacısı oğlu, 1981-ci il təvəllüdlü Oruc Nurməmməd oğlu Əhmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Oruc Əhmədov əlində olan bıçaqla dayısı Əfqan Xəlilova bir neçə bıçaq zərbəsi vurub. Hadisəni törədən Oruc Əhmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Qax RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.