Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayonunun bir neçə kəndində bayram şənlikləri təşkil edib. Lent.az-ın məlumatına görə, Ağcəbədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə yüzlərlə məktəbli uşaq və gənc, habelə kənd ictimaiyyəti qatılıb.
Tədbirləri giriş sözü ilə açan Mərkəzin nümayəndəsi Radə Telmanqızı bayram təbriklərini çatdıraraq, Azərbaycan xalqının min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu ildə hər yerdə böyük sevinc və fərəhlə qarşıladığını vurğulayıb. Bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük qayğı və dəstəyi nəticəsində muğam sənətindən sonra Azərbaycanın aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin Baş Məclisi 21 martı "Beynəlxalq Novruz Günü" elan edib.
Tədbirdə çıxış edən rayon ağsaqqalları xeyir-dualarını veriblər.
Çıxış edən rayon gəncləri tezliklə bayram şənliklərinin Şuşada, Laçında və digər işğal altında olan rayonlarımızda qeyd edəcəklərinə əmin olduqlarını bildiriblər.
Daha sonra tonqal qalanmış, məktəblilərin ifasında maraqlı səhnələr, şeir və mahnılar, habelə rəqslər və idman nömrələri təqdim olunub.