Qarabağ qaziləri prezidentə müraciət edəcəklər
23 avqust 2016 13:43 (UTC +04:00)

Qarabağ qaziləri prezidentə müraciət edəcəklər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ qaziləri” ictimai birliyinin həyata keçirdiyi “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində III konfrans keçirilib.

Lent.az-ın məlumatına görə, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq Azərbaycanda Qarabağ qazilərinin real vəziyyətindən danışıb. O bildirib ki, dəfələrlə demələrinə, tənqid etmələrinə baxmayaraq, əksər məmurların Qarabağ əlillərinə, Şəhid ailələrinə qarşı biganəliyi, özbaşınalığı hələ də davam edir: “Biz dəfələrlə bəyan etmişik ki, dövlət başçısı, cənab İlham Əliyev məmurları Qarabağ əlillərinə, Şəhid ailələrinə qarşı diqqətli olmağa, bu insanların problemlərini həll etməyə çağırıb. Amma  əksər məmurlar bu çağırışa əməl etmirlər. Bu bizi çox narahat edir.”

Layihənin rəhbəri “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov bu layihənin əsas hədəflərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. Və bu baxımdan III konfransın da səmərəli keçəcəyinə ümid etdiyini deyib.

“Qarabağ qaziləri” ictimai birliyinin Şuşa rayon şöbəsinin sədri Kərim Hüseynov köçkün Qarabağ əlillərinin mənzillə təminatında problemlər olduğunu deyib: “Bildiyiniz kimi dövlət tərəfindən növbəlilik əsasında Qarabağ əlillərinə, Şəhid ailələrinə mənzillər verilir. Amma biz yaşadığımız rayon və şəhərlərdə daimi qeydiyyatda omadığımıza görə bu təminatdan kənarda qalırıq. Yerli icra hakimiyyəti nümayəndələri deyir ki, onlar ancaq daimi yaşayış qeydiyyatı olan Qarabağ əlillərini, Şəhid ailələrini güzəştli şəxslər kimi mənzil növbəsinə götürə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu növbə ilə mənzilləri paylayır. Bu səbəbdən biz kənarda qalırıq.”

Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov təklif etdi ki, digər təbəqdən olan insanlar kimi məcburi köçkün Qarabağ əlilləri və Şəhid ailələrinə də mənzillər tikilib paylansın. Və bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət olunmasını təklif etdi.

“Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov bu problemin onlara tanış olduğunu və bununla bağlı təşkilatın rəhbərləri səviyyəsində Azərbaycan Respublikası Baş nazirinin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdüklərini dedi: “Biz Əli müəllimlə bu problemin həlli üçün müvafiq müzakirələr apardıq. Və ümid edirik bu məsələ öz həllini tapacaq. Amma buna baxmayaraq problemlə bağlı cənab Prezidentə də müraciət etmək yerinə düşərdi.”

Konfransda digər iştirakçılar da çıxış edərək öz fikir və düşüncələrini bölüşüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar