Polisə müqavimət göstərən generalın qohumunun işi MƏHKƏMƏDƏ
Bakıda silahlı insident törətməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, hadisə bu ilin may ayında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb. Bakı sakini Əzizov İsa Nadir oğlu bir neçə nəfərə kəsici alətlə xəsarət yetirib, zərərçəkənlərdən biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.
İ. Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
997