Bakıda sex yanıb. APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində, Oqtay Vəliyev küçəsində qeydə alınıb.
Yaşayış məhəlləsində yerləşən plastik qapı-pəncərə sexində qəfildən yanğın başlayıb. Yanğını ilk görən küçədə çərşənbə tonqalının ətrafındakı gənclər olublar. Sexdə yanma təhlükəsi olan mallar olduğundan və sex yaşayış evlərinə bitişik yerləşdiyindən qonşular Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat veriblər. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin dörd yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər yanğının qarşısını alıblar və alovun daha geniş ərazini əhatə etməsinin qarşısını alıblar.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 224 kv.m olan plastik qapı-pəncərə sexinin tavanı 70 kv.m sahədə və 112 kv.m sahədə dam örtüyü yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının səbəbləri ilə bağlı təhqiqat aparılır. Əsas versiyalardan biri yanğına sexdəki odun sobasının səbəb olmasıdır. Bundan başqa, sexin qarşısında qalanan çərşənbə tonqalından tikilinin damına qığılcım düşməsi ehtimalı da araşdırılır.