“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”ə qarşı oyununda ilkə imza atıb. Lent.az-ın qol.az-a istinadən məlumatına görə, klubun təşəbbüsü ilə oyundan öncə stadiona uzunluğu 70 metrə çatan Azərbaycanın üçrəngli bayrağı gətirilib. Böyük Azərbaycan bayrağı Üzeyir Hacıbəylinin "Koroğlu" üverturasının sədası altında stadionda dalğalanıb. Respublika stadionuna təşrif buyuran azarkeşlər bayrağı başları üzərində daşıyıblar.
Qeyd edək ki, bu bayraq Dövlət Bayrağı Meydanına məxsusdur. Bayrağın stadiona gətirilməsi ideyası tanınmış jurnalist Şakir Eminbəyliyə məxsus olub.
Klubdan bildirilib ki, tribunada bu uzunluqda bayrağın açılacağı son ana qədər gizli saxlanılıb. Hətta komandanın futbolçularına da bu haqda məlumat verilməyib. “Qarabağ”ın azarkeşləri kimi, futbolçular 70 metrlik bayrağı tribunada açılarkən görüblər.
Ağdam klubun mətbuat xidmətindən bildirilib ki, oyun öncəsi bayrağın açılması "Qarabağ"ın futbolçularına əlavə ruh yüksəkliyi verib.