GÜNÜN ŞƏRHİ
ABŞ-la İranın münasibətlərində yumşalma və Rusiya prezidentinin amerikalı həmkarına telefon zəngi edib "gəl Suriya məsələsini bərabər həll edək" təklifi Bəşər Əsədin və İŞİD-in taleyinin məhz bu üç ölkənin həll edəcəyi siqnallarını verdi. Amma heç kəsin gözləmədiyi halda bölgədə vəziyyət dəyişdi. Meydana Türkiyə və kürd silahlıları girdilər.
Düzdür, İraqda və Suriyada döyüşlər başlayandan kürd birləşmələri münaqişədə daim aktiv görünüblər. Amma Türkiyə barəsində bu sözləri demək olmaz. Hadisələrə bu vaxta qədər səbir və ehtiyatla yanaşan Ankaranın birdən-birə fəallaşmasının bir neçə səbəbi var. Türkiyə artıq İŞİD-in ölkənin daxili sabitliyini poza biləcək səviyyəyə gəldiyini anlayıb. Buna Şanlıurfada baş verən terror, İstanbulda keçirilən geniş anti-terror əməliyyatlarında yaxalanan terrorçular, ölkənin bəzi yerlərində polis və hərbçilərin öldürülməsi faktlarının artması sübutdur.
Ankara həm də Suriyada sonun yaxınlaşdığını duyur və bu məsələdə, xüsusən sərhədlərinə yaxın ərazilərdə söz sahibi və bir güc kimi var olduğunu isbatlamaq istəyir. Ən əsası, Türkiyə İŞİD-in əlindən alınan ərazilərin PKK-nı dəstəkləyən kürd dəstələrinin nəzarətinə verildiyini görür. Bu isə Suriyanın şimalında Türkiyə sərhədlərində yeni problemlərin yaranacağı və həmin ərazilərdə yaşayan türkmən əhaliyə qarşı etnik təmizləmə təhlükəsi deməkdir. Suriyada Birləşmiş Türkmən Ordusunun yaradılmasına dəstək verilməsi isə həm bu təhlükəni aradan qaldırmaq, həm də ölkənin bölgədə sərhədlərindən kənarda yerləşən güc yaratması deməkdir.
Nəhayət, Ankara bunu anladı. Məşhur bir misalda deyildiyi kimi, "eybi yox, gec olsun, güc olsun..."