Azad Suriya Ordusu Əl - Babı İŞİD-dən təmizləməsə, Cerablus Türkiyənin maraqları baxımından əhəmiyyətini itirmiş olacaq. Cerablus - Azez xəttinin tam şəkildə nəzarətə götürülməsi İŞİD-in Türkiyə sərhədlərindən tam uzaqlaşdırılması deməkdir. Cerablus əməliyyatına qədər Türkiyə-Suriya sərhədinin təxminən 90 kilometri İŞİD-in nəzarətində idi, "Fərat qalxanı" əməliyyatı ilə bu ərazinin təxminən yarısı Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib. Amma Ankara yaxşı anlayır ki, Azad Suriya Ordusu təmizlənmiş əraziləri öz nəzarətində uzun müddət saxlamağa qadir deyil. Bu səbəbdən Türkiyə ordusunun təxminən 100 kilometr uzunluğu olan ərazilərdə uzun müddət qalacağı şəksizdir. Bu amil həm də Suriyanın gələcəyi ilə bağlı danışıqlarda Türkiyə və Azad Suriya Ordusunun mövqeyini möhkəmləndirmiş olacaq. Bir şərtlə. Ankara bölgədəki hərbi fəaliyyətinə son dərəcə dəqiqliklə yanaşmalıdır. ABŞ, Rusiya, Suriya və İranın türk ordusunun keçirdiyi əməliyyata göz yumması İŞİD faktoru ilə bağlıdır. İŞİD-in burnunun ovulması bu dövlətlərin maraqlarına cavab verir. Amma məsələ PYD-yə gəldikdə, maraqlar toqquşmuş olacaq. ABŞ PYD, yəni həm də Türkiyə üçün qırmızı cizgi müəyyənləşdirib - kürd terrorçular Fəratın qərbinə keçməməlidir. PYD-nin bu tələbə hələlik əməl etməməsi hələlik Türkiyənin marağındadır, bu durum türklərə kürd terrorçuların mövqelərinə zərbə endirmək fürsəti verir. Amma... PYD ABŞ-ın tələblərinə nə qədər çox qarşı çıxarsa, bu taktiki planda Vaşinqtonun terrorçulara münasibətinin dəyişməsinə səbəb ola, Türkiyənin PYD-yə qarşı əməliyyat keçirməsi üçün zəmin yarada bilər.