GÜNÜN ŞƏRHİ
Vladimir Putinin keçirdiyi mətbuat konfransı rublun dəyər qazanmasına kömək etmədi, rubl sürətlə qiymətdən düşməkdə davam edir. Rubl dəyərsizləşdikcə Rusiyanın himayəsi altında gerçəkləşdirilən iri siyasi və iqtisadi layihələr də dəyərdən düşür. Yanvarın 1-dən tərkibi genişlənəcək Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ölü doğulmuş uşağa bənzəyir. Layihə tam gücü ilə işə düşməmiş əsas iştirakçıların narazılıqları baş qaldırıb. Rusiyadakı böhran iqtisadiyyatı bu ölkə ilə sıx bağlı olan Belarus və Ermənistanda çaxnaşmalara səbəb olub. Belarus Rusiya ilə xarici ticarət əməliyyatlarını rublla aparmaqdan imtina edir, Ermənistanın isə heç bunu da etmək şansı yoxdur. İqtisadiyyatı sıfır olan bu ölkənin selin axarı ilə getməkdən başqa əlacı qalmayıb. Ermənistan siyasilərinin “tək çıxış yolu iqtisadiyyatı gücləndirməkdir” bəyanatlarının isə bir rublluq dəyəri belə yoxdur, “o qədər resurslara sahib olan Rusiya 15 ildə bunu edə bilməyibsə, siz necə edəcəksiniz” deyən sadə ermənilər bahalaşmaya etiraz olaraq küçələrə çıxmağa başlayıblar. Postsovet məkanını bürüyən böhranın ən ağır zərbəsinin məhz Ermənistana dəyəcəyi gözlənilir, çünki ölkənin taleyi, iqtisadiyyatı faktiki olaraq Rusiyadan, ölkə insanlarının rifahı isə Rusiyadan göndərilən miqrant pullarından asılıdır. Rusiya iqtisadiyyatı çökür, miqrant pulları isə azalır. Bu, həm də Ermənistanın çökməsi deməkdir. Xeyirli olsun!
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 Dekabr
0
0
0
0