GÜNÜN ŞƏRHİ
Avropa Birliyi ideyası nəzəriyyədə cəlbedici bərabərlik modeli kimi görünsə də, əslində zəiflərin güclülərin marağına xidmət edəcəyi bir quruma çevrilib. İllər öncə əksər dövlətlərin xarici siyasət kursunun ana xəttini Avropa Birliyinə tam hüquqlu üzvlük təşkil edirdi, bu gün isə Avropa Birliyi öz cazibədarlığını itirib. Səbəb çoxdur - Avropa Birliyinin “xristian klubu”na çevrilməsi, üzv dövlətlərin iqtisadi inkişaf tempi arasında kəskin fərq, vahid xarici siyasət kursunun formalaşmaması və sair. Əsas səbəblərdən biri Avropa Birliyində dotasiya hesabına yaşayan dövlətlərin sayının artması idi. Şərqi Avropanın dotasiya yükünün Qərbi Avropa üzərinə düşməsi faktiki olaraq ittifaq daxilində ayırıcı xətti dərinləşdirirdi. Nəticə göz qabağındadır, Avropa Birliyi bir Yunanıstanın ağırlığının altına girməkdə aciz qalıb. O Yunanıstan ki, Avropa Birliyini özü ilə uçurumun dibinə sürükləyəcəyi ilə hədələyir. Və sürükləyəcək də... Yunanıstan Əmir Teymurun təbirincə desək altıncı barmağa çevrilib, qaldıqca ittifaqı eybəcər göstərir, kəsilib atılsa, ittifaq bu yaranın ağrısını çox çəkəcək. Üstəlik bu barmağın kəsilib atılması üçün Avropa Birliyinin konkret mexanizmi də mövcud deyil.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Mart
116