GÜNÜN ŞƏRHİ
OPEK və Rusiya arasında danışıqlardan gözlənilən nəticə çıxmadı. Hasilatın bir ay əvvəlki həcmdə dondurulması neftin qiymətlərinin qalxmasına ciddi təsir göstərməyəcək. Çünki hazırda bazarda neftin qiymətini formalaşdıran faktorlardan yalnız biri hasilatla bağlıdır. Siyasi faktorlar qiymətlərə daha çox təsir göstərir. Digər tərəfdən həm İranın hasilatı dondurmaq qərarına qoşulacağı, həm də razılaşma əldə olunsa belə, tərəflərin bu razılaşmaya riayət edəcəyi şübhə doğurur. İranın arqumentləri kifayət qədər əsaslıdır, ölkə sanksiyalardan sonra bazara hələ indi-indi artıq həcmdə neft çıxarmağa başlayıb. Üstəlik İran Avropa bazarında özünə yer etmək üçün dempinq siyasəti yürütməyə, yəni nefti az qala maya dəyərinə satmağa məcburdur. Belə olan təqdirdə İranın hasilatı dondurmaq, yaxud azaltmaq qərarına müsbət yanaşacağı ehtimalı çox azdır. Tehran yalnız bir halda – ittiham olunmamaq və ümumi gedişatı pozmamaq naminə hasilatı cüzi azaltmağa razılıq verə bilər. Bunun isə neftin bahalaşmasına yalnız müvəqqəti psixoloji təsiri olacaq. Çünki kimin nə qədər neft çıxardığını, nə qədər neft satdığını ümumiyyətlə heç kim bilmir. Dünyada bu işin statistikası aparılmır və aparılması da mümkün deyil. Belə olan təqdirdə Rusiya OPEK üzvləri, o cümlədən İran hasilatı azaltmağa razılıq versə də, istənilən qədər neft hasil edə və sata biləcək. Çünki razılaşma olsa da, razılaşmaya nəzarət mexanizmi yoxdur. Treyderlər bu gerçəkliyi daha yaxşı anlayır və OPEK-Rusiya danışıqlarından sonra neftin dərhal ucuzlaşması, İranın danışıqlara başlaması ərəfəsində isə neftin bahalaşmağa başlaması bununla əlaqədardır. Hazırda nefti bahalaşdıra biləcək tək amil, ixracatçı ölkələrin centlmen razılaşması əldə edərək bahalaşma trendinə başlamasıdır ki, bu ehtimal isə heç üfüqdə də görünmür. Ən azı siyasi səbəblər buna imkan vermir...
Vüqar MƏSİMOĞLU
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Fevral
0
0
0
0