Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Respublika Yanıq Mərkəzindən APA-ya verilən xəbərə görə, bu, 1966-cı il təvəllüdlü Əbilova Mehparə Qurban qızıdır.
Mərkəzdən onu da bildiriblər ki, yaralıların hamısı reanimasiya şöbəsindədir, vəziyyətləri ağır olaraq qalır.
Qeyd edək ki, xəsarət alanlardan 3 nəfər - 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı, 1973-cü il təvəllüdlü Mehdiyeva Zülfiyyə Kamal qızı və 1971-ci il təvəllüdlü Səttarova Xatirə İnşallah qızı dünən Respublika Yanıq Mərkəzinə gətiriliblər.
Xatırladaq ki, dünən Şirvandakı "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13-nə ambulator yardım göstərilərək evə buraxılıb.