Nazirlik deputatın narkotik ittihamlarına cavab verdi
28 avqust 2014 10:46 (UTC +04:00)

Nazirlik deputatın narkotik ittihamlarına cavab verdi

Daxili İşlər Nazirliyi (DIN) millət vəkili Fərhad Qəribovun Kürdəmir rayon Polis İdarəsinin rəisi ilə bağlı ittihamlarına cavab verib. Lent.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “qafqazinfo”ya bildirib ki, müasir zamanda narkomaniya adlı bəla bütün dünyanı narahat edən bir məsələdir və  bu problem Azərbaycandan da yan keçməyib: “Narkomaniya ilə mübarizənin daha da gücləndirilməsinə dair cənab prezidentin imzaladığı iki Dövlət Proqramı var. Bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün respublikanın bütün hüquq-mühafizə orqanları, o cümlədən daxili işlər orqanları qarşılıqlı fəaliyyət göstərirlər. Narkomaniya ilə mübarizədə müəyyən uğurlar, müsbət nəticələr də əldə olunur və bu iş fasiləsiz olaraq davam etdirilir. Elə bunun nəticəsidir ki, şükürlər olsun bu sahədə vəziyyət Azərbaycanda elə də kritik həddə deyil. O ki qaldı hörmətli deputatın fikirlərinə, onun narahatlığı başadüşüləndi. Amma Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə respublikamızın digər bölgələrindən fərqlənmir. Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır. Kürdəmir Rayon Polis Şöbəsinin rəisi də peşəkar polis zabitlərimizdən biri olmaqla rayona rəis vəzifəsinə təyin olunduqdan sonra narkotiklərlə mübarizəni gücləndirib və deyərdim ki, müsbət nəticələr də əldə olunub. Amma bunula belə, bu bəla ilə mübarizədə vətəndaşlarımız da, deputatlarımız da, mətbuatımız da, bir sözlə hamılıqla hüquq-mühafizə orqanlarına kömək etməliyik, dəstək olmalıyıq”.

 

F.Qəribov sözügedən açıqlamasında rayon əhalisinin Kürdəmir rayon Polis İdarəsinin rəisindən narazı olduğunu demişdi: “Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513
avatar

Oxşar yazılar