Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən, bir qrup zabit birlikdə 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar. Lent.az Müdafiə Nazirliyinni saytına isitnadən xəbər verir ki, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçiriblər. Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb.
Hərbi hissələrdəki əsgər yataqxanaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin məsul əməkdaşları əvvəlcə 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Respublika hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin hərbi qulluqçulara ünvanladıqları təbrik məktubları oxunub və ön cəbhədə, düşmənlə təmas xəttində xidmət edən əsgər və zabitlərimizin çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulanıb.
Tədbirlər zamanı hərbi qulluqçuları nümunəvi xidmət etməyə həvəsləndirmək məqsədilə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən xidmətdə fərqlənən 96 hərbi qulluqçuya qol saatı hədiyyə edilib.
Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Respublika hərbi prokurorluğu tərəfindən hərbi hissələrə televizor, elektrik generatoru, kompyuter dəstləri və digər zəruri məişət əşyaları təqdim edilib.
Tədbirlər Rayon İcra Hakimiyyətlərinin təşkil etdikləri bayram konsertləri ilə yekunlaşıb. Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.