Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyətinin göstərilməsi ilə külli miqdarda ziyan vurulması, eləcə də kompüter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla qanunsuz daxil olma faktları üzrə hüquqazidd əməllərin qarşısı alınıb.
Bu barədə APA-ya MTN-in İctimai əlaqələr mərkəzindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Rüstəmov Füzuli Kamal oğlu və qeyriləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və tələb olunan lisenziyanı almadan «Azerfon» MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər. Bundan sonra, həmin şəxslər əldə etdikləri «GSM» kanalpaylayıcıları və digər texniki avadanlıqları Bakı şəhərinin Binəqədi rayonunda kirayə götürdükləri mənzildə quraşdırıblar. Dəstə üzvləri «Azerfon» MMC-yə məxsus «GSM» mobil telefon nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər. Göstərilən ünvana baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub.
Kompleks əməliyyat tədbirləri çərçivəsində MTN tərəfindən eyni üsulla törədilmiş daha bir cinayətin qarşısı alınıb. Belə ki, istintaq sirri olduğundan adları hələlik göstərilməyən bir qrup şəxs tərəfindən Bakı şəhərinin Yasamal rayonunda müxtəlif ünvanlarda kirayə götürülmüş mənzillərdə «GSM» kanalpaylayıcılarının qanunsuz quraşdırılmasının və İnternetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasının qarşısı alınıb. Həmin mənzillərə keçirilmiş baxışlar zamanı avadanlıqların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu, həmçinin xüsusi qaydada hazırlanmış mikrosxemli platalı 6 ədəd kompüter prosessoru, 6 ədəd modem və «Azerfon» MMC-yə məxsus 109 ədəd mobil telefon nömrəsinə dair məlumatlar aşkar edilərək sənədləşdirilib.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Pirməhəmmədi Rəfail Məhəmməd oğlu saxlanılıb. Müəyyən edilib ki, Rəfail Pirməhəmmədi kompüter sisteminə daxil olmaq hüququ olmadan mühafizə tədbirlərini pozmaqla yaşadığı mənzildə quraşdırılmış telefon nömrəsi vasitəsilə internet şəbəkəsinə qoşulub «Atabank» ASC-nin «www.atacard.az» saytına, yəni həmin cəmiyyətin kompüter sisteminə qanunsuz olaraq qəsdən daxil olmuş və həmin saytın indeksini dəyişib.
Rəfail Pirməhəmmədi qanunazidd əməllərini davam etdirərək yenidən internet şəbəkəsinə qoşulub «İqtisadiyyat» qəzetinin rəsmi internet səhifəsi «www.iqtisadiyyat.com»a, yəni qəzetin kompüter sisteminə qanunsuz olaraq qəsdən daxil olub və həmin saytın da indeksini dəyişib. Rəfail Pirməhəmmədinin Sumqayıt şəhərindəki yaşadığı mənzilə keçirilmiş baxış nəticəsində «Sony» markalı 1 ədəd kompüter sistem bloku, 1 ədəd 8 GB mikro SD kart, 2 ədəd 1GB mikro SD kard, üzərində «Xakerskiy sbornik luçşix proqramm» yazılmış 1 ədəd CD disk aşkar edilərək götürülüb. Həmin kompüter sistem blokunun və SD disklərin yaddaşlarına keçirilmiş baxış nəticəsində Rəfail Pirməhəmmədinin göstərilən saytlara qanunsuz daxil olmasını təsdiq edən aşkar izlər müəyyən edilib.
Faktlarla bağlı başlanılıb, cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.