Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Həsənağa Babayev, Hüseyn Bayramov, Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Şəhadət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hazırlıq iclasının qərarı elan edilib. Qərara əsasən, həmin cinayət işi üzrə icraata xitam verilib. Bildirilib ki, məhkəməyədək olan müddət ərzində təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması, ittiham aktının düzgün tərtib edilməməsi, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifələrinə dair tələblərin pozulması kimi kobud qanun pozuntusuna yol verilib. Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin icraatına xitam verilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluğa qaytarılıb. Bundan əlavə, məhkəmə qərarında məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin rəis müavini Miri Bağırov barəsində xüsusi qərar çıxarılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrinə əsasən ittiham olunurlar. İttihama görə, 7 iyul 2011-ci il tarixdən “Atrabank” ASC Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.