APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 10-da saat 22.30 radələrində Nərimanabad şose yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Biləsuvar şəhər sakini, 1990-cı il təvəllüdlü Teymur Nuşirəvan oğlu Rüstəmzadənin idarə etdiyi “VAZ-21064” markalı, 10 HE 251 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildəki bir ailənin beş üzvü olan sərnişinlər – Biləsuvar rayon sakinləri, 1994-cü il təvəllüdlü Sevda Nuşirəvan qızı Yusifova, 1984-cü il təvəllüdlü Ofeliya Nuşirəvan qızı Quliyeva, 1987-ci il təvəllüdlü Gülnar Nuşirəvan qızı Rüstəmova, 1977-ci il təvəllüdlü Natiq Fərman oğlu Rüstəmov və 2012-ci il təvəllüdlü Ayxan Aqil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılarda 5 nəfərinə müvafiq yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş 3 yaşlı Ayxanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Qəza zamanı həmçinin minik avtomobilinə ciddi ziyan dəyib.
İlkin versiya kimi hadisənin avtomobilin sürücüsünün düzgün manevr edə bilməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.