Lənkəranda taxta konstruksiyalı birmərtəbəli bina çöküb.
Lent.az-ın Report-a istinadən verdiyi xəbərə görə, Səttərxan küçəsi 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kvadratmetr olan binada bir neçə il əvvələdək Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Hazırda istifadəsiz qalan bina qəzalı vəziyyətdə düşüb.
FHN Cənub Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə gələrək, ərazini yoxlayıb və hər hansı xəsarətin olmadığını müəyyənləşdiriblər. Əraziyə girişin qadağan olunmasını bildirən lent çəkilib. Əlaqədar qurumlara məlumat verilib.
Xatırladaq ki, sözügedən bina XIX əsrin əvvəllərində lənkəranlı mülkədar Əkbərovlara məxsus mülkün ərazisindəki yardımçı tikili olub. Ərazidəki yerli əhəmiyyətli tarixi abidə hesab olunan qırmızı kərpicli ikimərtəbəli binanın da qəzalı vəziyyətdə olduğu və çökmə ehtimalının artdığı bildirilir.