Ukraynanın Krım Muxtar Respublikasının mərkəzi Simferopol şəhərində azərbaycanlılara qarşı törədilmiş kriminal hadisələrin sayı artıb.
Krım Azərbaycanlıları Cəmiyyətinin sədri Rəhim Hümbətov APA-ya açıqlamasında bildirib ki, son bir həftədə təkcə azərbaycanlılara qarşı Simferepol şəhərində iki belə fakt qeydə alınıb.
Sentyabrın 8-i axşam saatlarında biznes fəaliyyəti ilə məşğul olan, əslən Azərbaycanın Şəki şəhərindən olan Bayram adlı azərbaycanlının evinə bir qrup naməlum şəxslər tərəfindən basqın olub. Ev sahibinin evdə olmamasından istifadə edən qarətçilər evin sahibəsini gicgahında vuraraq, onu huşsuz hala salıb və evdəki iki yetkinlik yaşına çatan uşağa ağır bədən xəsarəti yetirib, əl-qollarını bağlayaraq evdən 125 min ABŞ dolları miqdarında pul aparıblar. Bundan bir neçə gün əvvəl isə yenə Simferopolda əslən Azərbaycanın Qəbələ rayonundan olan Canbaba adlı şəxsin evinə gecə saatlarında bir qrup naməlum şəxslər tərəfindən silahlı basqın olub. Qaz balonunun ağzını açaraq evə atan maskalı şəxslər sakinlərin huşunu itirməsindən istifadə edərək külli miqdarda vəsait aparıblar. Vəsaitin miqdarı açıqlanmır.
Hər iki fakt üzrə Krım Muxtar Respublikasının hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb, araşdırma aparılır.
Krım Azərbaycanlıları Cəmiyyəti son bir neçə həftədə bu cür halların sayını artdığını nəzərə alaraq azərbaycanlıları ayıq-sayıq olmağa, hüquq-mühafizə orqanlarını isə bu məsələyə böyük diqqət ayırmağa çağırıb.