Gənclər və İdman Nazirliyi Ermənistan güləşçisi Artur Aleksanyanın 2016-cı il Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında mükafatlandırma mərasiminə üzərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində öldürülən Robert Abadjyanın şəkli olan köynəklə gəlməsinə münasibət bildirib.
Lent.az "Report”a istinadən xəbər verir ki, nazirliyin mətbuat katibi Səmayə Məmmədova “müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirməsinin tərəfdarı olmayıb" deyib.
O, erməni idmançının avqustun 16-da etdiyi hərəkəti bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirməsi cəhdi kimi dəyərləndirib: "Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya mənfur xislətini göstərdi və cılız düşüncəyə malik olduğunu bir daha subut etdi".