Rövşən Lənkəranski xəstəxanada keçinib  - YENİLƏNİB
18 avqust 2016 15:35 (UTC +04:00)

Rövşən Lənkəranski xəstəxanada keçinib - YENİLƏNİB

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb. 

 

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

 

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxnbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

 

Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.

 

Polisdən isə xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.

 

R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb.

 

**

13:35

İstanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.

 

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

 

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

 

Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.

 

***

Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı Lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o, ölməyib, reanimasiyadadır".

 

Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məkumnat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər. 

 

**

 

12:38

Türkiyədə baş vermiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

 

Lent.az-ın  “Report”a istinadən xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.

Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.

**

12:01

İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin öldüyü dəqiqləşib. Lent.az "Bizim Yol"a istinadən xəbər verir ki, bu barədə xəbəri avtoritetin qohumu, deputat Fəzail Ağamalı təsdiqləyib: "Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi”. 

 

**

11:41

Kriminal avtoritet Rövşən Lənkəranskinin güllələnməsi xəbəri təsdiqlənir. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, İstanbulda güllələnən azərbaycanlı həqiqətən Rövşən Lənkəranskidir. Kriminal avtoritetin yaxın çevrəsindəki mənbə bildirib ki, avtomobildə öldürülən şəxs Rövşən Lənkəranskinin sürücüsü yox, yaxın tərəfdaşıdır. Mənbə təsdiq edib ki, kriminal avtoritetin vəziyyəti ağırdır, o, bir neçə güllə yarası alıb.

 

Ehtimal olunur ki, “Rövşən Lənkəranski” hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa “sxodka”da iştirak edirmiş.

 

Əlavə edək ki, Rövşən Lənkəranskinin (Canıyev) soyadı Türkiyə mediasında Əliyev kimi verilmişdi. AzNews.az-a daxil olan məlumata görə, Lənkəranskinin soyadının Əliyev kimi göstərildiyi pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi. 

 

11:41

Türkiyədə qətlə yetirilən və Rövşən Əliyev kimi təqdim olunan şəxsin tanınmış avtoritet Rövşən Lənkəranski ( Rövşən Canıiyev) olduğu iddia olunur.

 

Lent.az-ın məlumatına görə, Rövşən Lənkəranskinin öldürülməsi ilə bağlı qafqazinfo saytının redaksiyasına məlumat daxil olub. 

 

 

 

Hadisə haqqında Türkiyə medası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

 

 

 

Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-NO-011-dir.

 

Yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

 

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib. 

 

Saytın əldə etdiyi məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır. 

 

 

 

04:06

 İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.

 

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

 

Baş verən atışma nəticəsində  ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

 

Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar